Psixiatr / Psixoterapevt
Röya Əliyeva

Haqqında
Dr. Röya Əliyeva psixiatriya, psixoterapiya və psixososial reabilitasiya sahələrində klinik, elmi və tədris təcrübəsinə malik həkimdir. 2026-cı ilin oktyabr ayından Nəfəs Psixi Sağlamlıq Mərkəzində fəaliyyət göstərir. 16 yaşdan yuxarı şəxslərə psixiatrik konsultasiya və psixoterapiya xidməti göstərir.
Azərbaycan Tibb Universitetində ali tibb təhsilini, Psixi Sağlamlıq Mərkəzində isə ümumi psixiatriya üzrə rezidentura təhsilini tamamlamışdır. 2018-ci ildə Fogarty təqaüd proqramı çərçivəsində Harvard T.H. Chan İctimai Səhiyyə Məktəbində elmi tədqiqat təcrübəsi keçmiş, Boston Uşaq Xəstəxanasının neyroinkişaf pozuntuları üzrə bölməsində tədqiqat assistenti kimi çalışmışdır.
2017–2025-ci illərdə Psixi Sağlamlıq Mərkəzinin Psixososial reabilitasiya bölməsinə rəhbərlik etmişdir. Klinik fəaliyyəti ilə yanaşı, psixi sağlamlıq xidmətlərinin inkişafı, mütəxəssislərin hazırlanması və elmi tədqiqatlarla məşğul olmuşdur.
Klinik fəaliyyət və maraq sahələri
Ümumi psixiatriya üzrə ixtisaslaşmış həkim kimi DSM və ICD təsnifatlarında yer alan psixi pozuntuların qiymətləndirilməsi, diaqnostikası və müalicəsi ilə məşğul olur.
Xüsusi peşəkar maraq və daha çox çalışdığı istiqamətlər:
* Affektiv — əhvali-ruhiyyə pozuntuları: depressiv və bipolyar pozuntular;
* Stresslə əlaqəli pozuntular;
* Şəxsiyyət pozuntuları, o cümlədən sərhəd tip şəxsiyyət pozuntusu;
* Yetkinlərdə diqqət əskikliyi və hiperaktivlik pozuntusu (DƏHP/ADHD) və autizm spektri pozuntusu (ASP/ASD): fərdi ehtiyacların qiymətləndirilməsi, müşayiət edən çətinliklərin müalicəsi və gündəlik həyatın idarə edilməsinə dəstək.
Sərhəd tip şəxsiyyət pozuntusu zamanı emosiyaların tənzimlənməsi, münasibətlərdə təkrarlanan çətinliklər, impulsiv davranışlar, özünə zərərvermə və intihar riski, eləcə də müşayiət edən psixi pozuntuların qiymətləndirilməsi və müalicəsi istiqamətində çalışır. Bu sahədə psixiatrik idarəetməni, o cümlədən risklərin qiymətləndirilməsini, pasiyentlə birgə müalicə planının hazırlanmasını və uyğun hallarda dialektik davranış terapiyasını tətbiq edir.
Fərdi psixoterapiya ilə yanaşı, cütlük terapiyası və cinsi terapiya istiqamətlərində də fəaliyyət göstərir.
Müalicəyə yanaşması
Dr. Röya Əliyevanın yanaşmasının əsasını diqqətlə dinləmək, fərdi xüsusiyyətləri nəzərə almaq və pasiyentin ehtiyaclarını müalicənin mərkəzinə qoymaq təşkil edir. Müalicə planı pasiyentin yaşadığı çətinliklər, həyat şəraiti, üstünlükləri və məqsədləri nəzərə alınaraq, onunla əməkdaşlıq şəraitində hazırlanır.
Klinik vəziyyətin imkan verdiyi hallarda psixoterapiyaya üstünlük verir, dərman müalicəsini isə ehtiyac və tibbi göstərişlər əsasında tətbiq edir. Məqsədi simptomların azalması ilə yanaşı, insanın özünü daha yaxşı anlamasına, emosional çətinliklərlə baş etməsinə və həyat keyfiyyətinin yaxşılaşmasına dəstək olmaqdır.
Psixoterapevtik praktikasında istifadə etdiyi əsas yanaşmalar:
* Koqnitiv-davranış terapiyası (KDT) — 2016-cı ildən;
* İnterpersonal psixoterapiya (IPT) — 2016-cı ildən;
* Dialektik davranış terapiyası (DBT) — 2018-ci ildən.
Təhsil və elmi tədqiqat təcrübəsi
* 2007–2013: Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi — ali tibb təhsili.
* 2015–2017: Psixi Sağlamlıq Mərkəzi — ümumi psixiatriya üzrə rezidentura.
* 2018: Harvard T.H. Chan İctimai Səhiyyə Məktəbi, Boston, ABŞ — Fogarty təqaüd proqramı çərçivəsində elmi tədqiqat təcrübəsi.
* Avqust–dekabr 2018: Boston Uşaq Xəstəxanası, neyroinkişaf pozuntuları üzrə bölmə — tədqiqat assistenti.
Peşəkar təcrübə
* Oktyabr 2026 – hazırda: Nəfəs Psixi Sağlamlıq Mərkəzi — psixiatr / psixoterapevt.
* Yanvar 2025 – sentyabr 2026: Referans Poliklinikası — psixiatr / psixoterapevt.
* Yanvar 2025 – yanvar 2026: Psixi Sağlamlıq Mərkəzi — psixiatr.
* Dekabr 2017 – yanvar 2025: Psixi Sağlamlıq Mərkəzi — Psixososial reabilitasiya bölməsinin rəhbəri.
* Noyabr 2021 – iyun 2022: Müharibədən zərər çəkmiş şəxslər üçün reabilitasiya sanatoriyası — konsultant psixiatr.
Qarabağ müharibəsi dövründə Buzovna Reabilitasiya Mərkəzində şəhid ailələri ilə çalışmış, psixi sağlamlıq və reabilitasiya istiqamətində dəstək göstərmişdir.
Tədris və təlimçilik fəaliyyəti
2017-ci ildən Psixi Sağlamlıq Mərkəzinin Psixososial reabilitasiya bölməsində psixologiya tələbələrinin təlimi və superviziyası ilə məşğul olmuşdur. 2024-cü ildən Xəzər Universitetinin Psixologiya departamentində müəllim kimi fəaliyyət göstərmişdir; hazırda universitetdəki tədris fəaliyyətinə fasilə vermişdir.
Qarabağ müharibəsindən sonra bölgələrdə psixi sağlamlıq xidmətlərinin gücləndirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının mhGAP proqramı çərçivəsində ilkin səhiyyə həkimlərinə təlimlər keçmişdir. Bu fəaliyyətə 2022-ci ildə Ağcabədidə, eləcə də 2024 və 2025-ci illərdə müharibədən zərər çəkmiş bölgələrdə keçirilən təlimlər daxildir.
Seçilmiş beynəlxalq konqreslər və peşəkar inkişaf proqramları
* 2026 — Stokholm, İsveç: Dünya Psixiatriya Konfransı.
* 2026 — Münhen, Almaniya: Avropa Neyropsixofarmakologiya Kollecinin (ECNP) konqresi.
* 2025 — Amsterdam, Niderland: ECNP konqresi.
* 2024 — Milan, İtaliya: ECNP konqresi.
* 2023 — Barselona, İspaniya: ECNP konqresi.
* 2022 — Vyana, Avstriya: ECNP konqresi, onlayn iştirak.
* 2022 — İzmir, Türkiyə: Türkiyə Psixiatriya Assosiasiyasının I Beynəlxalq İllik Toplantısı və XXV Milli Klinik Təhsil Simpoziumu; psixiatriyada dərmanların rasional istifadəsi və intihara yanaşma üzrə kurslar.
* 2020 — Afina, Yunanıstan: Stephen Stahlın bipolyar pozuntu üzrə qış ustad dərsləri.
* 2019 — Lissabon, Portuqaliya: Dünya Psixiatriya Konqresi — təqaüd proqramının qalibi; konqres çərçivəsində intiharın profilaktikası üzrə kurs.
* 2019 — Praqa, Çexiya: Avropa Gənc Psixiatrlar Federasiyasının XXVII illik forumu.
* 2019 — İstanbul, Türkiyə: Koç Universitetində səhiyyə elmlərində tədqiqat metodologiyası və etika üzrə yay məktəbi.
* 2018 — Nyu-Heyven, ABŞ: Yale Universitetində dialektik davranış terapiyası üzrə praktiki seminar.
* 2018 — Nitsa, Fransa: EPA konqresi.
* 2017 — Barselona, İspaniya: Eduard Vieta tərəfindən keçirilən klinik tədqiqatlar üzrə ECNP seminarı.
* 2017 — Tbilisi, Gürcüstan: ECNP seminarı — təqdimat bacarıqları üzrə birinci yer.
* 2017 — Paris, Fransa: ECNP konqresi və “Şizofreniya: dopamin və psixozdan kənarda” mövzusunda elmi şəbəkə görüşü.
* 2016 — Brüssel, Belçika: Avropa Psixiatriya Assosiasiyasının VI Yay Məktəbi — psixoterapiyanın əsasları.
* 2015 — Triyest, İtaliya: ÜST-nin Psixi Sağlamlıq üzrə Tədqiqat və Təlim Əməkdaşlıq Mərkəzində Franca və Franco Basaglia Beynəlxalq Yay Məktəbi.
Seçilmiş əlavə təlimlər
* 2025: Psixi sağlamlıq sahəsində qabaqcıl tədqiqat kursu — Harvard T.H. Chan İctimai Səhiyyə Məktəbi, professor Kerim Munirin rəhbərliyi ilə beşaylıq proqram.
* 2025: Cinsi terapiyanın əsasları, I modul — Türkiyə Koqnitiv Davranış Terapiyaları Assosiasiyası, 45 saat.
* 2025: Wechsler intellekt testlərinin (WISC və WAIS) tətbiqi və nəticələrinin şərhi — Pearson.
* 2023: Sərhəd tip şəxsiyyət pozuntusunda ümumi psixiatrik idarəetmə — Harvard Tibb Məktəbi, onlayn kurs.
* 2022–2023: ÜST-nin mhGAP proqramı üzrə təlimçilər və supervayzerlər üçün təlimlər.
* 2021: Qlobal psixi sağlamlıq üzrə yay institutu — Kolumbiya Universitetinin Teachers College strukturu; iştirakçı və ingilis–Azərbaycan dilləri üzrə sinxron tərcüməçi.
Elmi nəşrlər
Elmi işləri psixotrop dərmanların təyini və istifadəsi, psixososial reabilitasiyanın təşkili və beynəlxalq tədqiqat əməkdaşlığı mövzularını əhatə edir.
1. Asztalos, M., Szczegielniak, A., Aliyeva, R., et al. (2018). Celebrating the first decade of the EFPT Research Working Group. European Psychiatry, 48(Suppl), S626.
EFPT Tədqiqat İşçi Qrupunun ilk onillik fəaliyyəti haqqında konqres tezisi.
2. Aliyeva, R., Rasulov, A., Safaraliyev, N., & Ismayilov, F. (2018). Patterns of psychotropic drug prescription for in-patients in Azerbaijan. European Psychiatry, 48(Suppl), S441.
Azərbaycanda stasionar pasiyentlərə psixotrop dərmanların təyini xüsusiyyətləri haqqında konqres tezisi.
3. Rasulov, A., Aliyeva, R., et al. (2019). Mental health and psychotropic drugs use within a biopsychological approach in outpatients. Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal.
Ambulator pasiyentlərdə psixi sağlamlıq və psixotrop dərmanların istifadəsinə biopsixoloji yanaşma.
4. Hajiyeva, A. S., Sultanova, A. R., & Aliyeva, R. (2022). Organization and improvement of psychosocial rehabilitation at NMHC. Azerbaijan Journal of Psychiatry, 2(34).
Psixi Sağlamlıq Mərkəzində psixososial reabilitasiyanın təşkili və təkmilləşdirilməsi.
Peşəkar üzvlüklər və beynəlxalq fəaliyyət
* Avropa Psixiatriya Assosiasiyasının (EPA) üzvü;
* Avropa Neyropsixofarmakologiya Kollecinin (ECNP) üzvü;
* Dünya Psixiatriya Assosiasiyasının (WPA) üzvü;
* Azərbaycan Psixiatriya Assosiasiyasının Gənc Psixiatrlar bölməsinin rəhbəri;
* Beynəlxalq Psixi Sağlamlıq Əməkdaşlıq Şəbəkəsinin üzvü.
Avropa Gənc Psixiatrlar Federasiyasında (EFPT) Azərbaycan üzrə milli koordinator, 2017–2019-cu illərdə isə Tədqiqat İşçi Qrupunun həmsədri kimi fəaliyyət göstərmişdir.
Konsultasiya dilləri və formatı
Qəbul yaşı: 16 yaşdan yuxarı.
Dillər: Azərbaycan, rus, ingilis və türk dillərində psixiatrik konsultasiya və psixoterapiya.
Format: Üzbəüz və onlayn qəbul.





















































