Autizm ve Neyroinkisaf Pozuntulari Konqresi (2026)

Autizm və Neyroinkişaf Pozuntuları Konqresi uğurla keçirildi

02-03 may 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi, Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi və tərəfdaş qurumların təşkilatçılığı ilə Autizm və Neyroinkişaf Pozuntuları Konqresi uğurla həyata keçirildi.

İki gün davam edən konqresdə Azərbaycan və Türkiyədən olan tanınmış psixiatrlar, psixoloqlar, elmi tədqiqatçılar və sahə mütəxəssisləri bir araya gələrək autizm spektr pozuntusu, diqqət əksikliyi və hiperaktivlik pozuntusu (DEHP) və digər neyroinkişaf sahəsində aktual mövzular üzrə elmi müzakirələr apardılar.

Konqresin birinci günü- 02 may 2026

Konqresin ilk günü əsasən DEHP mövzusuna həsr olundu. Sessiyalar zamanı:

  • DEHP-in klinik əhəmiyyəti,

  • uşaqlarda və yeniyetmələrdə DEHP-in klinik təzahürləri və differensial diaqnostikası,

  • gənc və yetkin şəxslərdə DEHP,

  • düzgün diaqnozun əhəmiyyəti və qiymətləndirmə şkalalarının tətbiqi,

  • klinik halların təhlili və praktik yanaşmalar

kimi vacib mövzular müzakirə edildi.

Konqres çərçivəsində Prof. Dr. Eyüp Sabri Ercan, Prof. Dr. Baybars Veznedaroğlu və digər dəyərli mütəxəssislər öz elmi təqdimatları ilə iştirakçılarla bilik və təcrübələrini bölüşdülər.

Konqresin ikinci günü- 03 may 2026

Konqresin ikinci günü autizm və neyroinkişaf spektrinin müxtəlif istiqamətlərinə həsr edildi. Sessiyalar çərçivəsində:

  • qız uşaqları və qadınlarda autizm spektr pozuntusunun xüsusiyyətləri,

  • autizmdə ACT (qəbul və qərarlılıq terapiyası) yanaşması,

  • yetkin şəxslərdə nəzərdən yayınan neyroinkişaf pozuntuları,

  • nitq inkişafı və onun qiymətləndirilməsi,

  • akademik performans zəifliyinin psixi aspektləri,

  • uşaqlıq çağı demensiyaları,

  • neyroinkişaf spektrinin görünməyən tərəfləri ilə bağlı panel müzakirələri

ətraflı şəkildə təqdim olundu və müzakirələr aparıldı.

Bundan əlavə, konqres proqramında interaktiv “Qaynar kreslo” sessiyası, klinik hal müzakirələri, “Böyük yarış” adlı case və təqdimat bölməsi, eləcə də mütəxəssislər arasında fikir mübadiləsinə şərait yaradan müxtəlif sessiyalar yer aldı.

Autizm və Neyroinkişaf Pozuntuları Konqresi, mütəxəssislər arasında elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübə mübadiləsinin artırılması və ölkəmizdə neyroinkişaf pozuntularının erkən diaqnostikası, qiymətləndirilməsi və müasir müalicə yanaşmalarının inkişafına mühüm töhfə verdi.

Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi olaraq bu mötəbər elmi tədbirin təşkilində iştirak etməkdən və neyroinkişaf sahəsində biliklərin paylaşılmasına töhfə verməkdən qürur duyuruq.